REGİONLAR
Naxçıvan şəhərində 173 yaşayış və 30 inzibati bina istiliklə təmin olunacaq
Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində bu payız-qış mövsümündə 5 mərkəzləşmiş, 38 fərdi qazanxana vasitəsi ilə 173 yaşayış binası, 7634 mənzil, 30 inzibati bina istiliklə təmin olunacaq. Qazanxanalarda çalışan ocaqçılar peşə kurslarına cəlb olunub, onlar üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə səsləndirilib.
Müzakirə olunan məsələ ilə bağlı Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov çıxış edərək bildirib ki, idarə tərəfindən mövsümə hazırlıqla əlaqədar mərkəzləşdirilmiş, eləcə də fərdi qazanxanalara baxış keçirilib, cari və əsaslı təmirə ehtiyacı olan qazanxanalar müəyyənləşdirilib və bir sıra tədbirlər görülüb.
Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Mahmud Əbilsoy çıxışında qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə şəbəkədə istismar olunan 113 qaz quyusuna baxış keçirilib, diametri 50 millimetrlik 5 istismara yararsız qaz kranı yenisi ilə əvəz olunub, 85 qaz quyusu çöküntüdən təmizlənib.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Ələkbər Kərimov bildirib ki, ötən 8 ay ərzində əhalinin elektrik enerjisi verilişi təchizatının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 96 elektrik hava xətti dirəyi quraşdırılıb, 2,9 kilometr uzunluğunda yeni xətt çəkilib. Qəzalı vəziyyətdə olan 100-dən artıq dirəyə beton altlıqlar vurulub, əsaslı təmir işləri aparılıb. Həmçinin 2019-cu ilin 8 ayı ərzində 446 smart-kart tipli sayğac quraşdırılıb, Naxçıvan şəhərinə və inzibati ərazi dairələrinə quraşdırılan smart-kart tipli elektrik sayğaclarının sayı 22 min 797-yə çatdırılıb.
Müşavirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin müdiri Təranə Cəfərova mövsümə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov müşavirədə çıxış edərək bildirib ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatları tərəfindən yüksək səviyyədə təmin edilməli, mövsümə hazırlıq işləri vaxtında aparılmalı, yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılmalıdır.