İQTİSADİYYAT
Naxçıvan şəhərində 400 yerlik yeni avtomobil dayanacağı inşa olunur
Naxçıvan, 2 avqust (AZƏRTAC). Naxçıvan şəhərinin İslam Səfərli küçəsində 400 yerlik yeni avtomobil dayanacağı inşa olunur. İnşaat işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) kollektivi həyata keçirir.
“Dizayn” MMC-dən AZƏRTAC-a verilən məlumata görə, avtomobil dayanacağı zirzəmi ilə birlikdə beş mərtəbəli olacaq. Üç korpusdan ibarət olan dayanacaq binasında hazırda birinci korpusun sonuncu mərtəbəsində metal konstruksiya quraşdırılır. İkinci korpusun 3-cü mərtəbəsində və üçüncü korpusun zirzəmi hissəsində beton-qəlib işləri görülür. Beton-qəlib işləri başa çatdırıldıqdan sonra məhdud ölçüdə hörgü işləri həyata keçiriləcək, fasad hissədə daha estetik görüntü əldə etmək üçün əsasən şüşə konstruksiyalardan istifadə ediləcək.
Bina hazır olduqdan sonra ümumi həcmi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində maşınyuma xidməti ilə bərabər, servis xidməti də göstəriləcək.
Qeyd edək ki, yeni avtomobil dayanacağı Naxçıvan şəhərində yüksək səviyyəli parkinq xidmətinin həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.