REGİONLAR
Naxçıvan televiziyasının sənədli filmi Bolqarıstanda keçirilən turizm film festivalında qalib gəlib VİDEO
Naxçıvan, 6 may, AZƏRTAC
Naxçıvan televiziyasının “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi Bolqarıstanda keçirilən “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalında “Turizm məkanı” kateqoriyasının “Reportaj və ya sənədli film” alt-kateqoriyası üzrə qalib gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü əsasında sənədli filmin ingilis dilində olan variantının namizədliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən festivalın təşkilatçılarına təqdim olunub. Təqdim olunan filmlər festivalın münsiflər heyəti tərəfindən nəzərdən keçirilib və 2020-ci il 3 may tarixində qaliblər elan olunub. “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi festivalın rəsmi internet səhifəsində və “Youtube” kanalında yerləşdirilib.
Sözügedən festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Danimarka, Xorvatiya, Sloveniya, Cənubi Afrika, Çili, Fransa, Avstriya, Norveç, Rusiya, Portuqaliya, İndoneziya, İspaniya və Yaponiya da daxil olmaqla, ümumilikdə, 24 ölkə 54 filmlə iştirak edib.
Dünyanın hər yerindən turizm istiqamətləri təqdim edən festivalın məqsədlərinə turizm məhsulları barədə videoçarxların geniş kütləyə çatdırılması, mədəni və tarixi irsin reklamına investisiya qoyulmasının stimullaşdırılması, turizm şirkətləri arasında marağın yaradılması, peşəkar audio-vizual səyahət istehsalının təşviq edilməsi, yüksək effektiv reklam üçün mühitin formalaşdırılması daxildir. Film festivalında ölkələr, bölgələr, təbiət, mədəniyyət, tarixi yerlər və muzeylər, əyləncə turları, ənənəvi adət-ənənələr və digər mövzular üzrə hazırlanmış videoçarxlar onlayn şəkildə geniş auditoriya tərəfindən izlənilib. Bu baxımdan “Azərbaycanın ürəyidir Naxçıvan” adlı sənədli filmin festivalda təqdimatı muxtar diyarın mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını təbliğ etməklə yanaşı, regionun zəngin irsi, mövcud tərəqqisinin Avropa məkanında tanıdılmasına şərait yaradıb.
Qeyd edək ki, “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvüdür.