İQTİSADİYYAT
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı fəaliyyətə başlamışdır
Naxçıvan, 1 aprel (AZƏRTAC). Aprelin 1-də Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialı fəaliyyətə başlamışdır. Yeni yaradılmış filial vasitəsilə əhalinin, sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Zəruri avadanlıqlarla təmin olunmuş bankda müştərilərə növbəlilik sistemi əsasında bütün bank xidmətləri göstəriləcəkdir. Mühasibat-əməliyyat və kredit şöbələrinin xidmətlərindən istifadə edən müştərilər, eyni zamanda, burada plastik kartlarla müxtəlif pul köçürmələri, kommunal ödənişlər və sair əməliyyatlardan yararlana biləcəklər.
2013-cü ildə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən kənd təsərrüfatına verilmiş kreditlərin məbləği 29 milyon 700 min manat təşkil etmişdir. Cari ilin yanvar-fevral aylarında isə ümumilikdə, kənd təsərrüfatına 2 milyon 338 min 850 manat məbləğində kredit verilmişdir. Muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə məhsul istehsalının artırılması, daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi məqsədilə verilən bu kreditlərin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 15 min 650 manat artım olmuşdur.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ilin yanvar ayından etibarən kənd təsərrüfatı və biznes üçün verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilmə prosedurları isə sadələşdirilmişdir. Şərur, Sədərək və Kəngərli rayon sahibkarlarının kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsində mühüm rol oynayacaq bank filialı kənd təsərrüfatının inkişafına da stimul verəcəkdir.