REGİONLAR
Naxçıvanda 1 milyon 309 min 600 kvadratmetr ərazi dezinfeksiya olunub
Naxçıvan, 22 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri vasitəsilə Naxçıvan şəhərində avtomobil yolları və səkilər daxil olmaqla, 832 min kvadratmetr sahə, eləcə də təyin olunmuş dezinfeksiya qrupları tərəfindən səhiyyə müəssisələri, uşaq bağçaları, idarə, müəssisə və təşkilatların ətrafı, ticarət mərkəzləri dezinfeksiya edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla, 5 və 6 nömrəli Mənzil İstismar idarələrinə məxsus ictimai yaşayış binalarının girişləri, ətrafı və zirzəmiləri dezinfeksiya olunub.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 2 avtomobili və Baytarlıq İdarəsinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib. Ümumilikdə, 1 milyon 309 min 600 kvadratmetr ərazi dezinfeksiya olunub.