REGİONLAR
Naxçıvanda Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən cüdo birinciliyi başa çatıb
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən cüdo üzrə birinciliyə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açılış mərasimində çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada polis əməkdaşlarının fiziki inkişafına və idman məşğələlərinin keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Qeyd olunub ki, keçirilən birinciliyin məqsədi polis əməkdaşları arasında fiziki gücü inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır.
Muxtar respublikanın Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov və idman cəmiyyətinin rəisi, polis baş leytenantı Elməddin Abdullayev çıxışlarında son illər muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarışın qaydaları haqqında məlumat veriblər.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 13 komandanın 82 idmançısı mübarizə aparıb.
Bütün rəqiblərinə qalib gələn Xətai Qənbərov (60 kiloqram), Rəşad Həsənov (66 kiloqram), Firuz Ramazanlı (73 kiloqram), Rza İsmayılov (81 kiloqram), Əli İsmayılov (90 kiloqram), Allahverdi Qəribov (100 kiloqram) və Sadiq Qasımov (+100 kiloqram) birinciliyin qalibi olublar.
Komanda hesabında isə müvafiq olaraq ilk üç pillədə Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi və Şərur Rayon Polis Şöbəsinin komandaları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıblar.