REGİONLAR
Naxçıvanda Gənclər Günü qeyd olunub
Naxçıvan, 2 fevral, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə 2 Fevral - Gənclər Günü münasibətilə muxtar respublikanın ictimai həyatında fərqlənən gənclərin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı dönüş yaranıb.
Vurğulanıb ki, muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.
Azad Cabbarov bildirib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək, yaxud əsaslı təmir olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, bu il iki istedadlı gəncin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabına” yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi təqaüdünə layiq görülüblər.
Gənclər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən gənclər və idman naziri yaradılan şəraitə və göstərilən qayğıya görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, gənc qadınlarımız da muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Yaradılan şərait imkan verir ki, qadınlarımız idmanın müxtəlif növləri üzrə də güclərin sınasınlar. Muxtar respublikada idmanla məşğul olan 7 min qadının əksəriyyəti gəncdir.
Bildirilib ki, dövlətimizin qadınlara göstərdiyi diqqət və qayğı nəticəsində gənc qadınlarımız muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak edir, onların məşğulluğu diqqətdən kənarda qalmır. Bu gün təhsil, səhiyyə və mədəniyyət sahələrində işləyənlərin əksəriyyəti qadınlardır. Bununla yanaşı, gənc qadınlarımız dövlət qulluğunda, hüquq mühafizə və seçkili orqanlarda təmsil olunurlar. Əmək bazarının mühüm sahəsi olan sənayedə, xüsusən də yüngül sənayedə, kənd təsərrüfatının müxtəlif istiqamətlərində qadınlarımız işlə təmin olunur, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər. Sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin üzvü olan gənc qadınlar xalçaçı, dərzi, kompüterçi və digər peşə kurslarına cəlb olunur, məşğulluq problemləri aradan qaldırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev gəncləri təbrik edərək vurğulayıb ki, bu gün muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı nəticəsində hərtərəfli biliyə, məsuliyyət hissinə, geniş dünyagörüşünə malik, millətini, Vətənini sevən sağlam nəsil yetişməkdədir. Biz inanırıq ki, yetişən sağlam gənclik Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafında fəal iştirak edəcək, onlara göstərilən etimadı doğruldacaqlar.
Sonda muxtar respublikanın ictimai həyatında fərqlənən gənclərə diplom və fəxri fərmanlar təqdim olunub.
Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının ifasındakı musiqi nömrələri gənclərdə xoş ovqat yaradıb.