REGİONLAR
Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı kitab işıq üzü görüb
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat–Poliqrafiya Birliyi tərəfindən Nemətullah Naxçıvani ilə bağlı 2019-cu ildə keçirilmiş beynəlxalq konfransın materialları əsasında “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı kitab hazırlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kitabda Nemətullah Naxçıvaninin elmi irsi, dövrü və mühiti, İslam mədəniyyətində yeri, fəlsəfi görüşləri, irfani düşüncələri, yaşadığı dövrdə elm və mədəniyyət, əsərləri haqqında ətraflı məlumat verilir.
Kitabda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Hacıfəxrəddin Səfərli, Hüseyn Həşimli, Əbülfəz Quliyev kimi tanınmış alimlərlə yanaşı, qardaş Türkiyənin alim və tədqiqatçılarından Yaşar Kurt, Hüseyin Yurttaş, Hayrettin İvgin və digərlərinin də məqalələri yer alır.
Son dərəcə böyük elmi əhəmiyyətə malik olan kitab böyük alim Nemətullah Naxçıvani irsinin gələcək nəsillərə çatdırılmasına qiymətli töhfədir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2018-ci il oktyabrın 29-da “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən alimin yaradıcılığının öyrənilməsi üçün tədqiqat qrupu yaradılıb, haqqında kitab nəşr olunub, alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib, kitabı Azərbaycan dilinə tərcümə olunub.
Nemətullah Naxçıvani elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri qiymətli miras kimi kitabxana və muzeylərdə saxlanılır.