REGİONLAR
Naxçıvanda “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisi açılıb
Naxçıvan, 15 dekabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşəbbüsü ilə təşkil edilən sərgidə muxtar respublikanın uşaq incəsənət, bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan, rəsm dərnəklərində keçirilən ustad dərslərində iştirak etmiş şagirdlərin rəsm əsərləri sərgilənib.
Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, asudə vaxtının düzgün təşkili, onların cəmiyyətin mədəni həyatında iştirakını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
“Uşaqların xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa böyük maraq göstərmələri çox sevindirici haldır”, – deyən Rəssamlar Birliyinin sədri vurğulayıb ki, onların sənət bacarıqlarının düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb.
Ülviyyə Həmzəyeva deyib ki, muxtar respublikada rəsm sənətinə maraq göstərən şagirdlər üçün 3 ildir ustad dərsləri keçirilir. Bu sərgi həmin ustad dərslərində iştirak edən şagirdlərin hesabatıdır. Sərgidə 136 uşağın 231 rəsm əsəri və digər janrlarda hazırladıqları 25 müxtəlif əl işi, həmçinin paytaxt Bakı şəhərindən göndərilmiş 6 rəsm əsəri nümayiş etdirilir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva çıxış ediblər.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı rəssam kimi formalaşmasında belə tədbirlərin böyük rolu var.
Çıxış edənlər sərgidə rəsm əsərləri nümayiş etdirilən uşaqlara uğurlar arzulayıblar.
Ustad dərslərinin keçilməsində əməyi olan rəssamlara və rəsm sərgisində fəallığına görə fərqlənən uşaqlara diplomlar təqdim edilib. Həmçinin Türkiyə Respublikasında “Beynəlxalq rəssamların görüşü” adlı festivaldakı “Yeni ildə dostuma sülh arzulayıram” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutan 5 naxçıvanlı həvəskar rəssama diplomlar verilib.
Sərgiyə baxışdan sonra uşaqlar pastel boyalarla kağız üzərində bacarıqlarını nümayiş etdiriblər. Zeynəb Qurbanovanın, Şivan Tarverdiyevin, Nuray Gözəlovanın, Ayxan Qasımovun, Zöhrə Seyidovanın, Kənan Bədəlovun və başqa balaca rəsm həvəskarlarının rəsmləri diqqəti daha çox cəlb edib.
Sərgidə tarixi şəxsiyyətləri, təbiət mənzərələrini, cizgi filmlərinin qəhrəmanlarını əks etdirən bir sıra maraqlı rəsmlər və əl işləri yer alıb.