REGİONLAR
Naxçıvanda “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin iştirakçılarına sertifikatlar verilib
Naxçıvan, 21 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təliminin iştirakçılarına sertifikatlar təqdim edilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitənin sədri Ramilə Seyidova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 19 təlim iştirakçısına sertifikatlar təqdim olunub. İştirakçılar təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Tədbirdə bildirilir ki, “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən ümumilikdə 66 qadın iştirak edib. “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” layihəsinin sonrakı mərhələsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimində ən yaxşı biznes planı tərtib edən 40 qadına sərmayə kapitalı veriləcək.
Qeyd edək ki, təlim Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram əsasında keçirilir. Təlim zamanı iştirakçılara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilir. Diskussiya şəraitində keçirilən təlimlərdə suallar cavablandırılır.