REGİONLAR
Naxçıvanda Şərq Döyüşü Sənəti Federasiyasının idmançılarının tur-aksiyası təşkil olunub
Naxçıvan, 13 iyul, AZƏRTAC
Naxçıvanda muxtar respublikanın Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələrinin füsunkar təbiətə malik olan Şahbuz rayonuna tur-aksiyası təşkil edilib. İdmançılar iki gün ərzində Ağbulaq İstirahət Mərkəzində müxtəlif yarışlarda iştirak edib, gəzməli-görməli yerlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
Ağbulaq İstirahət Mərkəzində idmançıları mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar və onlara mərkəz haqqında geniş məlumat verilib.
Proqrama uyğun olaraq idmançılar əvvəlcə stolüstü oyunlarda qüvvələrini sınayıblar. Daha sonra voleybol və badminton oyunları təşkil edilib. Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olan və “Ağbulaq” bulağına yürüş edən yeniyetmə idmançılara vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
Federasiyanın yetirmələri mərkəzin stadionunda keçirilən mini-futbol yarışında da iştirak ediblər. Onlar əyləncəli oyunlarda fəallıq nümayiş etdiriblər.
İkigünlük istirahət məşqçilərdə və idmançılarda xoş təəssürat yaradıb. Federasiyanın sədr müavini Cavanşir Salayev idmançıların asudə vaxtlarının təşkili istiqamətində görülən işlərə görə təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, idmançıların iki gün ərzində proqram çərçivəsində müxtəlif tədbirlərə qatılması səmərəli olub. Bu tədbir idmançılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərib.