REGİONLAR
Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir
Naxçıvan, 28 fevral, AZƏRTAC
Muxtar respublikada poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir, maddi-texniki baza gücləndirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri nümunəvi poçt rabitəsi xidmətləri ilə təmin olunublar.
“Naxçıvanpoçt”un mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika ərazisində poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində bütün şərait yaradılıb, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələri ilə təmin edilib. Muxtar respublika üzrə “Naxçıvanpoçt” publik hüquqi şəxsinin aparatının poçt şöbəsi, 7 rayon filialı və 175 poçt bölməsi fəaliyyət göstərir ki, onların da zəruri avadanlıqlarla təchizatı göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat verib.
Poçt məntəqələrində istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri həyata keçirilir. Həmçinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərindən məcburi dövlət sosial sığorta haqlarının, partiyaların, ictimai təşkilatların və ictimai birliklərin üzvlük haqlarının ödənişləri də həmin məntəqələrdə reallaşdırılır. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən kənd yerlərində yaşayan əmək pensiyaçılarına pensiyalarının poçt bölmələri vasitəsilə çatdırılması təmin olunur.
Hökumət Ödəniş Portalı vasitəsilə Azərbaycan üzrə bank, maliyyə, vergi və sair kimi bir sıra qurumların ödənişlərinin qəbulu da poçt məntəqələrində həyata keçirilir. Məntəqələrdə nağdsız ödənişlərin təşkili üçün 179 POS-terminal aparatı qoyulub.
Naxçıvanda beynəlxalq poçtdaşımaların həyata keçirilməsi üçün “Express Mail Servis” və “DHL” beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da poçt göndərişlərinin ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Muxtar respublikada onlayn ticarətin inkişafı poçt rabitəsi xidmətləri üzrə daşımaların həcminin artmasına da müsbət təsirini göstərib.