REGİONLAR
Naxçıvanda fəal könüllülər mükafatlandırılıblar
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və sosial könüllülər adından Alsu Məmmədli çıxış ediblər.
Çıxışlardan sonra xüsusi karantin dövründə keçirilən tədbirlərdən və tənha ahıllarla görüşlərə aid videoçarx nümayiş olunub. Həmin dövrdə keçirilən tədbirlərdə fəal iştirak edən könüllülər mükafatlandırılıb.
Sonda sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə gələcəkdə görüləcək işlər müzakirə olunub, gənclər tərəfindən təqdim olunan startap layihələri ekspert qrupunun üzvləri tərəfindən dəyərləndirilib.