REGİONLAR
Naxçıvanda istehsal olunan məhsullara tələbatın 91,4 faizi yerli imkanlar hesabına təmin edilir
Naxçıvan, 11 fevral, AZƏRTAC
Muxtar respublikada 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması əhalinin özünüməşğulluğunun təmin edilməsinə yeni imkanlar yaratmaqla bərabər, yerli istehsalın həcmini də artırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ilin sonuna muxtar respublikada 126-sı ərzaq, 257-si qeyri-ərzaq olmaqla, 383 növdə məhsul istehsal edilib. Bunun da 350-si və ya 91,4 faizi tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə imkan yaradıb.
Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, ən əsası isə səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır.