REGİONLAR
Naxçıvanda keçirilən onlayn konfransda nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri müzakirə edilib
Naxçıvan, 4 iyul, AZƏRTAC
Ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaratmaq istiqamətindəki dövlət siyasətini özündə ehtiva edən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin (NDU) və “Naxçıvan” Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri” mövzusunda keçirilən onlayn konfransda ətraflı danışılıb.
Konfransda Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov çıxış edərək tədbirin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublikada aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, gənc ailələr üçün yeni yaşayış komplekslərinin tikilməsi və onlara ipoteka kreditlərinin ayrılması ailə institutuna göstərilən qayğının bariz nümunəsidir. Məhz bu siyasətin nəticəsidir ki, ailə quran gənclərin sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır.
Vurğulanıb ki, bəzən ailə daxilində baş verən anlaşılmazlıqlar və münaqişələr ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü zəruri edir. Bu da tərəflər arasında nikahın pozulması ilə nəticələnir. Tərəflər məhkəməyə və qeydiyyat şöbəsinə müraciət edərək nikahlarını pozurlar. Bu cür halların baş verməsi gələcəkdə həmin ailədə böyüyən uşaqların həyatına, tərbiyəsinə mənfi təsir edir.
Nazirliyin əməkdaşı Həbibə Əliyeva “Nikahın pozulmasının hüquqi tərəfləri” mövzusunda çıxışında qeyd edib ki, ailə münasibətlərinin hüquqi tənzimi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı prinsiplərinə uyğun həyata keçirilir.
Onlayn konfransda nazirliyin əməkdaşı Rəşad Allahverdiyev, Məhkəmə Ekspertizası Mərkəzinin psixoloq eksperti Fariz Səyyadov, “Naxçıvan” Universitetinin müəllimi Aygün Rüstəmova, NDU-nun müəllimi Yunis Xəlilov müxtəlif mövzularda çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.
Sonda müzakirələr aparılıb.