REGİONLAR
Naxçıvanda liseylərə qəbul imtahanlarında 695 şagird iştirak edib
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan Qızlar və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərinə qəbul imtahanları keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2022-2023-cü tədris ili üzrə Naxçıvan Qızlar Liseyinə qəbul imtahanında iştirak etmək üçün ümumtəhsil məktəblərinin 4-cü sinfini bitirən qızlar qeydiyyatdan keçib. İmtahanda 296 şagird iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 sual olmaqla, ümumilikdə, 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt verilib.
2022-2023-cü tədris ili üzrə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə qəbul imtahanı Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda iştirak etmək üçün ümumtəhsil məktəblərinin 6-cı sinfini bitirən oğlan şagirdlər qeydiyyatdan keçib və ümumilikdə, 399 şagird imtahanda iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat və fizika fənlərinin hər biri üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya tarix, biologiya fənlərinin hər biri üzrə 5 sual olmaqla, 100 sual təqdim olunub. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt verilib.
Hər iki imtahanın nəticələri Təhsil Nazirliyinin İmtahan Mərkəzi tərəfindən yoxlanılaraq elan edilib. Şagirdlər Naxçıvan Qızlar liseyində 5-ci, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə 7-ci sinifdən təhsillərini davam etdirəcəklər.