Naxçıvanda məişət əşyalarını lotereya uduşu adı ilə satan şəxslər tutulublar
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək, xüsusilə qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.
Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var