REGİONLAR
Naxçıvanda meyvə və tərəvəzçilik sahəsində 44 layihəyə dövlət maliyyə dəstəyi göstərilib
Naxçıvan, 2 mart, AZƏRTAC
2016-2020-ci illərdə meyvə və tərəvəzçilik təsərrüfatlarının, həmçinin emal müəssisələrinin yaradılması istiqamətində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 44 layihəyə, ümumilikdə, 675 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində əldə edilən mühüm uğurlardan biri də meyvəqurutma, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və yabanı növ bitkilərin tədarükü istiqamətləri üzrə 4 istehsal sahəsinin yaradılmasının başa çatdırılması olub.
Qeyd edək ki, muxtar respublikada aqrar sektoru stimullaşdıran ən mühüm amillərdən biri də bu sahəyə göstərilən dövlət maliyyə dəstəyidir. Dövlət Proqramının icrasına uyğun olaraq bu istiqamətdə həyata keçirilən tədbirlər ixracyönümlü məhsul istehsal edən sahibkarların sayının artmasına səbəb olur.