REGİONLAR
Naxçıvanda ötən illə müqayisədə nağdsız ödənişlərin həcmi 9 milyon 164 min manatdan çox olub
Naxçıvan, 27 aprel, AZƏRTAC
Bu il mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 27 POS-terminal aparatı quraşdırıb, ümumi POS-terminal aparatlarının sayı 1437-yə çatdırılıb. Bankomat aparatlarının sayı isə 115 ədəd olub.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə nağdsız ödənişləri həcmi 28 milyon 354 min 983 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 164 min 243 manat çoxdur.
Bu ilin ilk üç ayı ərzində özəl sektorda 42 vergiödəyicisi üzrə 302 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 3 publik hüquqi şəxsin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminalların quraşdırılması təmin edilib.
2021-ci ilin fevral ayında nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilib və muxtar respublika üzrə 442 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.