REGİONLAR
Naxçıvanda şahmatçılar arasında interaktiv məşğələlər keçirilir
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Muxtar respublikanın Şahmat Federasiyası mütəmadi olaraq şahmat məşğələləri keçirir. Naxçıvan Şahmat Mərkəzində təşkil olunan növbəti məşğələni beynəlxalq hakim Emin Hacıyev tədris edib.
AZƏRTAC xəbər verir ki, məşğələ 200-dən çox təhsil müəssisəsində elektron lövhə vasitəsilə interaktiv formada izlənilib. Şəhər və rayon şahmat məktəbləri arasında innovativ məşğələdə isə 160-a yaxın şahmatçı elektron lövhə vasitəsilə iştirak edib. Məşğələ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimlərinin tədris etdiyi bu məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaq, qarşılıqlı fikir mübadiləsi aparmaqla şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi mütəmadi olaraq şahmat məşğələləri keçirilir.