REGİONLAR
Naxçıvanda sanitar-gigiyenik qayda və normaların tətbiqi diqqət mərkəzində saxlanılır
Naxçıvan, 7 dekabr, AZƏRTAC
Hepatitə qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsi müasir dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Muxtar respublikada bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Naxçıvan şəhərində fəaliyyət göstərən gözəllik salonlarının sahibkarları və işçilərinin iştirakı ilə keçirilən sanitar-gigiyenik qayda və normalara dair seminarda səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva gözəllik salonlarında virus hepatitləri və onlarla əlaqədar xəstəliklərə görə profilaktikanın, skrininq tədbirlərinin gücləndirilməsinin əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl sahibkarlıq sektorunun müdiri Hacı Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Emin Həsənov, Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Zeynəb Mənsumova qanla keçən yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gözəllik salonlarında aparılan sanitar-gigiyenik və əks-epidemik tədbirlər, monitorinqlər barədə məlumat verib, infeksion xəstəliklərə qarşı dezinfeksiya və sterilizasiya işinin təşkilində yol verilən nöqsanlardan danışaraq, onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda gözəllik salonu işçilərinə dezinfeksiya və sterilizasiya işinin təşkili barədə təlimatlar paylanıb.