REGİONLAR
Naxçıvanda səhiyyə müəssisələri zəhər əleyhinə zərdabla təmin edilib
Naxçıvan, 8 iyun, AZƏRTAC
Havaların istiləşməsi ilan sancmalarının da sayının artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən muxtar respublikaya kifayət qədər zəhər əleyhinə zərdab gətirilərək səhiyyə müəssisələrinə, eləcə də ucqar dağ və sərhəd kəndlərindəki tibb məntəqələrinə paylanılıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada yayılan 23 ilan növündən yalnız 3-ü zəhərlidir.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi Arzu Məmmədov bildirib ki, ilan sancması baş verən zaman ilk olaraq, ilan sancan şəxsin hərəkəti məhdudlaşdırılaraq zərdab vurulması təmin olunmalıdır. Zərdab nə qədər tez vurularsa, zərərçəkən şəxs də bir o qədər tez sağalar.
Arzu Məmmədov insanların ilanları öldürməsi məsələsinə də toxunaraq deyib: “İlanların nəslinin kəsilməsi təbiətdə bir sıra gəmiricilərin sayının çoxalması və xəstəliklərin artmasına səbəb olar. Onları həyətyanı sahələrdən uzaqlaşdırmaq üçün kükürd məhsulundan istifadə etmək kifayətdir”.
Qeyd edək ki, son 10 gündə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə ilan sancması ilə bağlı 6 nəfər yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onların vəziyyəti normallaşıb.