REGİONLAR
Naxçıvanda şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Səhiyyənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, endokrinologiya sahəsində də mühüm irəliləyişlərə nail olunub. Son illər ölkəmiz, o cümlədən Naxçıvanda şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəkərli diabet xəstələri ilə keçirilən görüşdə xəstəxananın baş həkimi Zəbur Bağırov tərəfindən səsləndirilib.
Z.Bağırov qeyd edib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul olunub. Muxtar respublikada da görülmüş tədbirlər nəticəsində bu qəbildən olan xəstələrin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. Hazırda muxtar respublikada xəstələrə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.
Sonra xəstəxananın endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Şəkərli diabet nədir”, həkim-endokrinoloqlardan Gülşən Həsənquliyevanın “Şəkərli diabet xəstəliyində ağırlaşmalar”, Aysel İsmayılovanın “Şəkərli diabet və qidalanma”, həkim-oftalmoloq Rəhmiyyə Əliyevanın “Şəkərli diabet və göz xəstəlikləri” mövzularında məruzələri dinlənilib.