REGİONLAR
Naxçıvanda ümumi daxili məhsul istehsalı üç ayda 557 milyon 426 min manatdan çox olub
Naxçıvan, 22 aprel, AZƏRTAC
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan olunmuş 2021-ci ilin ilk rübündə də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olub. Bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,9 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artıb.