REGİONLAR
Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin müsahibə mərhələsi keçirilir
Naxçıvan, 21 fevral, AZƏRTAC
Muxtar respublikanın dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsinə fevralın 20-dən start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər) və Maliyyə Nazirliyi (37 nəfər) üstünlük təşkil edib. Müsahibədə ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətinin məlumatına görə, hazırlıq məqsədilə əvvəlcə namizədlərə seminar keçirilib, müsahibə zamanı obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Qanunvericiliyə uyğun olaraq, keçid balını toplamış namizəd haqqında məlumatlar müvafiq dövlət orqanına təqdim edilir. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 23 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 225 vakant vəzifənin tutulması üçün 574 namizəd sənəd verib. Test mərhələsində müvafiq keçid balını toplamış 269 namizəddən 267-si tərəfindən müsahibə mərhələsində iştirak etmək üçün sənədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim olunub. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 20 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi kömək göstərilib.
Digər dövlət orqanları üzrə müsahibələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq martın 6-dək davam edəcək.