REGİONLAR
Naxçıvanda vakant vəzifələrə işə qəbul üçün elan edilən müsabiqənin test imtahanları keçirilir
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrindəki vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün sentyabrın 4-də elan edilmiş müsabiqənin test imtahanları keçirilir.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə çıxarılmış 148 vakant vəzifənin tutulması üçün 225 namizəd sənəd təqdim edib. Test imtahanında iştirakçılara 80 sual təqdim olunur, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər müvafiq keçid balını toplamış hesab olunacaqlar. Səhv cavablar düzgün cavablara təsir etmir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq.
Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə təşkil olunur. İmtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə videoçəkiliş aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilir.
Nəticələr gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları noyabrın 7-dək davam edəcəkdir.