SİYASƏT
Naxçıvanda yeni badam bağı salınıb
Kəngərli, 4 noyabr, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Hər il ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır. Badamçılıq da Naxçıvanda qədim meyvəçilik sahələrindəndir. İqlim şəraiti və torpaq xüsusiyyətləri muxtar respublikada badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalının artırılmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 4-də muxtar respublikada növbəti iməcilik keçirilib, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında - Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri badam bağı salınan ərazidə keçirilən iməcilikdə iştirak ediblər.
Badam bağının sahəsi 6 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. İməcilik iştirakçıları ərazidə 3 mindən artıq yerli badam tingi əkiblər. Ötən il ərazidə qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi badam bağının dayanıqlı su təminatına da imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payız iməcilikləri dövründə yeni meyvə bağlarının salınması barədə tapşırıqlar verib.