REGİONLAR
Naxçıvanın ümumtəhsil məktəblərində kitabxana işinin təşkili diqqət mərkəzindədir
Naxçıvan, 19 aprel, AZƏRTAC
Muxtar respublikadakı məktəblərin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar nazirliyin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda keçirilən konfransda səsləndirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvanda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi bazası yaxşılaşdırılıb, kitabxana fondu zənginləşdirilib, elektron kitabxanalar yaradılıb, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılıb, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib.
Təhsil naziri bildirib ki, kitabxana işinə artan marağın nəticəsində təkcə 2019-2020-ci tədris ilində muxtar respublika məzunlarından 13-ü ali məktəblərin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 216 kitabxanada 84 kitabxana müdiri, 136 kitabxanaçı çalışır ki, onlardan da 28-i işə qəbul müsabiqələrində yüksək nəticə göstərərək işlə təmin edilib.
“Ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodiki təcrübə sahəsində xidmətlərin göstərilməsi və dövri mətbuat yeniliklərinin yayılması kimi vəzifələri icra edir. Bu gün keçirilən konfransın əsas məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, məktəb kitabxanaları fəaliyyətini gücləndirməli, ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına çalışmalı, oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqunu yaratmalı, sənədləşmə işlərini mövcud təlimata uyğun aparmalıdırlar. Metodiki kabinetlər məktəb kitabxanalarına metodiki köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxana işçilər üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməlidir. Bununla yanaşı, kitabxanalarda şagird və müəllimlərin iştirakı ilə ədəbi-bədii tədbirlər, kitab müzakirələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr edilmiş müsabiqələr, poeziya gecələri, vətənpərvərlik mövzusunda söhbətlər və görüşlər, oxucu konfransları, inşa yazı müsabiqələri təşkil edilməli, şagird və müəllimlərin oxunması zəruri olan kitabları mütaliə etməsi istiqamətində iş aparılmalıdır.
Konfransda Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının “Ümumtəhsil məktəbi kitabxanaçılarının vəzifələri”, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədovanın “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün inkişafında məktəb kitabxanasının rolu”, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin kitabxana müdiri Sevinc Bayramovanın “Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması”, Culfa rayon Ərəzin kənd tam orta məktəbinin kitabxana müdiri Püstə Cəfərovanın “Kitabxana işinin təşkili və görülmüş işlər” mövzularında çıxışları dinlənilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçılarına üçgünlük təlim-seminar keçiriləcək. Təlimlərin əsas məqsədi kitabxana işinin düzgün təşkilinə kömək göstərmək və onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat veriləcək, müzakirələr aparılacaq.