REGİONLAR
Naxçıvanlı tələbələr Əlincəçay ətrafında axtarış və kəşfiyyat işlərində iştirak ediblər
Culfa, 10 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilmiş tələbələrin nəzəri biliklərlə yanaşı, praktik vərdişlərini də artırmaq məqsədilə bir sıra tədbirlər görülür. Həmin tədbirlərin davamı olaraq gənc ekoloq və geoloqlar Culfa rayonunun ərazisində yerləşən Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təcrübədə bölgədəki axtarış və kəşfiyyat işlərindən danışan Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin baş geoloqu Sultan Rzayev Əlincəçay ətrafında səpinti qızıl axtarışının 1960-cı illərdən başlandığını və uzun müddət ərzində bölgülər üzrə işlər aparıldığını bildirib. Qeyd olunub ki, Qızılca-Camaldın bölgəsində axtarışlara 2016-cı ildən başlanılıb.
Sonra diametri 219 millimetr olan xüsusi qazma avadanlığı barədə məlumat verilib, axar suda yuyularaq qızıl nişanlarının əldə olunması öyrədilib.
İş prosesləri ilə tanışlıqdan sonra gənc ekoloq və geoloqlar Culfa şəhərindəki Geologiya Muzeyində olublar. Geoloji Tədqiqat Mərkəzində də olan tələbələrə laboratoriyada daş süxurların analizi və digər iş sahələri haqqında ətraflı məlumat verilib.