REGİONLAR
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə onlayn ekskursiya
Naxçıvan, 24 iyun, AZƏRTAC
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə təşkil edilən onlayn ekskursiya maraqla qarşılanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Bələdçi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir xalq kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.
Diqqətə çatdırılıb ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. 2010-cu ildə isə yenidən bərpasına başlanıb və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildən muzey kompleksi kimi fəaliyyət göstərir.
Muzey fondunda 600-dək eksponat var. Eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. Eradan əvvəl V minilliyə aid təsərrüfat küpü, eradan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.
Kompleksin mağara hissəsində aparılan arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları və digərləri eksponat kimi qorunur və nümayiş olunur.