REGİONLAR
“Naxtel” operatorunun istifadəçi sayı 20 min 700 nəfər artıb
Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinin ilk ilində apardığı məqsədyönlü tədbirlər və yüksəkkeyfiyyətli xidmət sayəsində 4-cü nəsil “Naxtel” operatorunun istifadəçi sayı il ərzində 20 min 700 nəfər artaraq 30 minə çatıb.
AZƏRTAC xəbər verir ki, bank ödəniş və qəbul terminallarında “Naxtel”in sim kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün muxtar respublikada müvafiq işlər görülüb, 120 POS-terminal və 10 bankomatda “Naxtel” sim kartlarından istifadə olunması təmin edilib.
Bu gün digər operatorlardan fərqli olaraq muxtar respublikanın bütün yaşayış ərazilərini genişzolaqlı data xidmətləri ilə təmin edə bilən 4-cü nəsil “Naxtel” operatoru mobil bankçılıq və bank əməliyyatları sektorunda geniş texniki imkanlara malikdir. “Naxtel”in beynəlxalq rominq əlaqələrinin qurulması sahəsində də işlər davam etdirilir. Hazırda Gürcüstanda “Naxtel”in rominq xidməti işə salınıb, digər 10 ölkə üzrə test sınaq işləri həyata keçirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il sentyabrın 1-də imzaladığı Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda muxtar respublikada İKT-nin inkişaf xəttinin müəyyənləşdirilməsi bu sahədə nailiyyətlərin əldə olunması üçün stimul yaradıb.