CƏMİYYƏT
Nayrobidə ətraf mühitin mühafizəsi üzrə dünyada ən böyük qurumun tədbiri keçirilir
Bakı, 12 mart, AZƏRTAC
Dünyanın hər yerindən 4700-dən çox nümayəndə Keniyanın paytaxtı Nayrobiyə yığışıb. Burada iqlim dəyişmələri, istehlak və istehsal, okeanların plastik kütlələrdən çirklənməsinin qarşısının alınması, ərzaq itkiləri kimi bir çox aktual məsələlər müzakirə olunacaq.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu təmsilçilər BMT-nin ətraf mühit üzrə Assambleyasında – ekologiya məsələləri ilə məşğul olan dünyanın ən iri qurumunun işində iştirak edirlər.
Hazırkı Assambleyanın əsas mövzusu dayanıqlı istehlak və istehsalla bağlı ekoloji problemlərin və məsələlərin innovasiyalı həllidir. Baş Assambleyadan əlavə, BMT-nin bu yeganə orqanının işində Təşkilata üzv olan bütün ölkələr iştirak edir. Nayrobidə qəbul edilən qərarların ümumilikdə BMT-nin fəaliyyətinə və ətraf mühitin mühafizəsi sahəsində gündəlikdə duran məsələlərə, o cümlədən İqlim üzrə Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə əhəmiyyətli təsiri olacaq.
“Bizim daha az vaxtımız qalır. Bizim söz verməyə və siyasətbazlıqla məşğul olmağa vaxtımız yoxdur, məsuliyyətdən yaxa qurtarmaq cəhdlərinin vaxtı keçib. Həyatımız təhlükə altındadır”, - deyə BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) rəhbəri vəzifəsini icra edən Coys Msuya bildirib. Ətraf mühitin mühafizəsi üzrə Assambleyanın iclasına məxsusi hazırlanan UNEP hesabatının müəllifləri həyəcan oyadan belə rəqəmlər misal göstərirlər: kənd təsərrüfatı ətraf mühitə ildə 3 trilyon dollar zərər verir, havanın çirklənməsi dünya iqtisadiyyatına ildə 4,6 trilyon dollara başa gəlir.
“Biz təcili olaraq zəruri tədbirlər görməliyik. Hamı bilir ki, biz dayanıqlı və inklüziv cəmiyyət yarada bilərik. Bu cəmiyyətdə istehlak və istehsalın yalnız dayanıqlı üsulları tətbiq ediləcək, bizim ekoloji problemlər həll olunacaq və bütün bu işlərdə heç kim kənarda qalmayacaq. Bundan ötrü təsərrüfatın idarə edilməsində yeni üsulların tətbiqi zəruridir”, - deyə Assambleyanın sədri, Estoniyanın ətraf mühit naziri Sim Kisler bildirib.
Forum iştirakçıları üzərində dünyanın 70 ölkəsindən olan 252 alimin işlədiyi ətraf mühitin vəziyyəti barədə hərtərəfli elmi məruzəni də nəzərdən keçirəcəklər. “Görünür ki, biz yanaşma tərzimizi dəyişməli, istifadə etdiyimiz əşyalarla münasibətə yenidən baxmalıyıq”, - deyə Coys Msua qeyd edib. Onun sözlərinə görə, sərf olunan vəsaitin həcmini artırmadan da inkişaf və yüksəlişə nail olmaq mümkündür. Bundan ötrü israfçılıq vərdişlərindən imtina etmək lazımdır.
Bu, iki ildən bir toplanan Assambleyanın dördüncü görüşüdür. Həftənin sonunadək, beş gün davam edəcək builki foruma ötən ildəkindən iki dəfə çox nümayəndə qatılıb. Assambleyada dövlət və hökumət başçıları, nazirlər, biznes-liderlər, BMT-nin yüksəkvəzifəli əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir. Həmçinin Fransa Prezidenti Emmanuel Makronun və Keniya Prezidenti Uhuru Kenyattanın iştirakı gözlənilir.
Assambleya – bu, təkcə müzakirələr və qətnamələr deyil, həm də ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə yeni partnyorluğun yaradılması üçün bir fürsətidir. Forumun təşkil edildiyi məkanda sərgilər fəaliyyət göstərir, görüşlər, dəyirmi masalar, mühazirələr və təqdimatlar keçirilir. Belə ki, dayanıqlı innovasiyalar sərgisində ekologiya sahəsində 40-dan artıq yeni texnologiya təqdim edilib, Dünya Bankının Fransa və Keniya hökumətləri ilə birgə təşkil etdiyi “Bir planet” sammitində isə Afrika təbiətinin necə qorunması məsələləri həll ediləcək.
Assambleyanın açılışından əvvəl Nayrobidə BMT-nin siyasət, elm və biznes sahəsi üzrə Forumu keçirilib. Forum iştirakçıları məlumatların toplanması və təhlilinin yaxşılaşdırılması üzrə bir neçə təşəbbüsə, həmçinin “yaşıl iqtisadiyyat” sahəsində özəl texnoloji layihələrin icrasına start veriblər.