CƏMİYYƏT
Nazim Mahmudov: Oxçuçayda ekoloji terror illərdir ki, davam edir
Bakı, 13 mart, AZƏRTAC
14 mart - Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis edilib. Həmin gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.
AZƏRTAC-ın müxbiri Beynəlxalq Çaylar Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Nazim Mahmudovla həmsöhbət olub.
N.Mahmudov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində istər daxili, istərsə də transsərhəd çaylarda mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “Daxili çaylarda monitorinqlər ayda bir dəfə olmaqla bütün təbii su hövzələrini əhatə edir. Transsərhəd çaylarda isə hər ayın ongünlüyündə, ayda üç dəfə olmaqla aparılır. İşğaldan azad edilən ərazilərdə keçirilən monitorinqlər, ətraf mühitə təsirlərin qiymətləndirilməsi və mövcud ekoloji vəziyyətin mütəmadi olaraq nəzarətdə saxlanılması məqsədilə icra olunur. Transsərhəd çaylarımızdan olan Oxçuçay mütəmadi olaraq antropogen təsirlərə məruz qalır. Oxçuçay Ermənistan ərazisində mis-molibden sənayesinin istehsalı nəticəsində formalaşan bütün növ sənaye sularının, eyni zamanda, çayətrafı fəaliyyət göstərən fermaların, həmçinin kənd təsərrüfatı sahələrinin tullantı sularının çirklənməsinə məruz qalır. Ölkəmizdə həmin çaydan götürülmüş su nümunələri üzərində aparılan təhlillərin nəticəsi göstərir ki, çayın suyunun tərkibində dəmir, mis molibden, manqan kimi ağır metalların miqdarı yol verilən qatılıq həddindən dəfələrlə yüksəkdir. Həmin ekoloji terror illərdir ki, davam etdirilir. Yəni, Oxçuçay daim çirklənməyə məruz qalır”.
Nazirliyin rəsmisinin sözlərinə görə, aparılan monitorinqlər kompleks şəkildə təşkil olunur. Burada atmosfer havasının keyfiyyət göstəricilərinin, eyni zamanda, həmin bölgədə radiasiya fonunun, torpağın çirklənmə vəziyyətinin öyrənilməsi işləri və çayın suyunun analizi paralel şəkildə həyata keçirilir.