SİYASƏT
Nazir Ancelino Alfano: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib.
2017-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluqla xatırladan nazir bu cür səfərlərin iki ölkə arasında mövcud olan ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərimizin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələri, xüsusilə “TAP” layihəsinin dövlətlərimiz və xalqlarımız arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Nazir İtaliyanın 2017-ci ildən ATƏT-in Troykasına üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb.
İtaliyanın xarici işlər naziri Ancelino Alfano Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə ölkələrimizin xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib.
A.Alfano İtaliyanın Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının İtaliya tərəfindən həmişə müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.