REGİONLAR
Nazir Ramin Quluzadə şimal bölgəsində vətəndaşların müraciətlərini dinləyib VİDEO
Şabran, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və başqa məsələlərlə bağlı olub.
Nazir Ramin Quluzadə hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Müşavirədə nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.