İQTİSADİYYAT
Nazir müavini: Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələri vasitəsilə qoyulan investisiyaların səmərəsini artıracaq
Bakı, 8 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi pandemiya dövründə bir sıra iri xarici investorlarla müzakirələr aparıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti bir qədər zəifləsə də, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektorun rolunu əsas görürük.
Nazir müavini qeyd edib ki, xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsinə çalışılacaq. Bununla bağlı ilkin danışıqlar aparılır.
"Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. Holdinqin əsas məqsədlərindən biri də məhz dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılması, investisiyalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata töhfəsi, iqtisadi inkişafa təsirin daha da artırılması və genişləndirilməsidir", - deyə R.Nəcəf vurğulayıb.