REGİONLAR
Nazir müavini: Bu il 417 hektar sahədə yeni alma bağı salınıb
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda alma becərilməsinin çox böyük ənənələri var. Biz bu ənənələri bərpa edir, bağ sahələrinin genişlənməsi və intensiv alma bağlarının salınmasına çalışırıq. 2018-ci ilin məlumatlarına əsasən,
əsas tumlu meyvə bağlarının (alma, armud heyva və əzgil) sahəsi 41,1 min hektar olub. Bu bağların 30,4 min hektarını alma sahələri təşkil edir. Cari ildə 417,3 hektar sahədə yeni alma bağı salınıb. Ümumilikdə salınmış 30,4 min hektar alma bağının 18 min hektarı ənənəvi, 11,8 min hektarı intensiv və 0,6 min hektarı isə super intensiv üsulla salınan bağlardır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən “Alma bayramı”nda iştirak edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin olunub və müsbət inkişaf dinamikası 2018-ci ildə olduğu kimi cari ildə də davam edir.
“Əhalinin ərzaq məhsulları ilə təminatında meyvəçilik iqtisadi cəhətdən səmərəli sahələrdən biridir. Meyvəçilik yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul istehsalına görə yüksək göstəriciyə malik olan kənd təsərrüfatının ixtisaslaşmış sahəsidir. 2018-ci ildə 277,8 min ton alma məhsulu istehsal olunub ki, bunun da 196,6 min tonu Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür. Ötən il ölkədən 89,9 min ton alma məhsulu ixrac olunub ki, bu da 2017-ci illə müqayisədə 12,4 min ton çoxdur. Cari ilin yanvar-avqust aylarında 40 min ton alma məhsulu ixrac olunub. Məhsul yığımı və ixracı hazırda davam etdirilir”, - deyə İ.Quliyev bildirib.