REGİONLAR
Nazir müavini: “Gələcəyə nəfəs!” kütləvi ağacəkmə aksiyası çərçivəsində bu gün Azərbaycanda 111 min 111 ağac əkiləcək VİDEO
Cəbrayıl, 11 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə 2020-ci ildən qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulub və ötən illərdə eyni gündə 111 min ağacın əkilməsi ilə bu aksiyaya dəstək olub.
Bu sözləri Cəbrayılda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, bu il də ölkəmizdə, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, 111 min 111 ağac əkiləcək və artıq Cəbrayıl rayonunun Dostluq meşəsi ərazisində aksiyaya start verilib. Burada 1111 ağac - əsasən Eldar şamı, Xan çinarı, Sərv tingləri əkilir.
Nazir müavini bildirib ki, ağacəkmə aksiyasının keçirildiyi ərazi Türkiyə-Azərbaycan Beynəlxalq Təlim-Tədris Mərkəzinin layihə ərazisidir: “Bu ərazi üç hissəyə bölünür: Dostluq meşəsi, Tingçilik təsərrüfatı və Təlim-Tədris Mərkəzi. Tikinti işlərinin 2024-cü ilin birinci yarısına qədər başa çatdırılması planlaşdırılır. Təlim-Tədris Mərkəzində eyni vaxtda 80 nəfərin meşə təlimləri üzrə ixtisaslaşması üçün imkan olacaq. Həm təlim və seminar otaqları, həm də onların qalması üçün şərait yaradılacaq”.
Tingçilik təsərrüfatına gəldikdə, burada ildə 1 milyon ting istehsal etmək mümkün olacaq. Əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə meşə-bərpa tədbirlərinin həyata keçirilməsinə dəstək verməkdir. “İşğal dövründə bizim ümumi meşə fonduna böyük ziyan vurulub. 260 min hektar meşə fondu ərazimizin 226 min hektarı meşə ilə örtülən ərazilərdir. Onun da 56 min hektarının tamamilə məhv edilməsi ilə bağlı artıq əlimizdə ilkin məlumatlar var. Bu tinglər həmin ərazilərin bərpasında, eyni zamanda, yaşayış məntəqələrində yaşıllıqların salınmasında istifadə olunacaq”, - deyə V.Kərimov əlavə edib.