SİYASƏT


Nazir müavini Yavuz Selim Kıran: Türkiyə ilə Azərbaycan arasında güclü qardaşlıq münasibətləri var

Bakı, 16 sentyabr, AZƏRTAC 

Türkiyə ilə Azərbaycan arasında güclü qardaşlıq münasibətləri var. Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi ölkələrimiz arasındakı qardaşlığın ən bariz nümunəsidir. Türkiyə hər zaman Azərbaycanın yanındadır, ölkələrimizin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparırlar. FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. Biz COVID-19-a qarşı da birgə mübarizə aparırıq.

Yavuz Selim Kıran deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdikləri birgə layihələr regionun inkişafı üçün önəmlidir. Ermənistanın işğalçılıq siyasəti regionun inkişafına maneə yaradır. Ermənistan diqqəti daxili problemlərindən yayındırmaq üçün təxribatlara əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qətiyyətli dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.