CƏMİYYƏT


Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək

Onlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis edilib

Bakı, 22 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Məlumatda deyilir: “Belə ki, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

2019-cu il 25 fevral tarixli Sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.

Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də Sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək.

Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün də Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək.

Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minə qədəri əlilliyi olan şəxslərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.