MƏDƏNİYYƏT
“Nəcib Məhfuz oxucuların gözü ilə...” adlı esse yarışmasının müddəti uzadılıb
Bakı, 16 fevral, AZƏRTAC
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin elan etdiyi “Nəcib Məhfuz oxucuların gözü ilə...” adlı esse yarışmasına esse qəbulunun müddəti martın 31-dək uzadılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə 34 roman və 350-dən çox hekayə müəllifi, Nobel mükafatı laureatı, misirli yazıçı Nəcib Məhfuz yaradıcılığına Azərbaycan oxucusunun münasibətini öyrənmək məqsədilə həyata keçirilir. Yarışmaya Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir. Esselərin həcmi minimum 7 min, maksimum isə 10 min işarə olmalıdır. Heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayan müsabiqənin nəticələrinə uyğun olaraq əsərləri onluğa düşən müəlliflər diplomla təltif olunacaq. Birinci yerin qalibinə pul mükafatı ilə yanaşı, diplom və Misirin Ali Təhsil Nazirliyinin medalı, ikinci, üçüncü yerin qaliblərinə isə pul mükafatı və diplom təqdim ediləcək.
Qaliblərin adları aprel ayında elan olunacaq.
İştirak etmək istəyənlər ətraflı məlumat üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət edə bilərlər.