CƏMİYYƏT
Neft emalı müəssisələrinin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
Bakı, 25 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı neft emalı zavodunun 1 nömrəli əmtəə parkında “Neft emalı müəssisələrinin yanğın təhlükəsizliyi: ərazi, qurğu və avadanlıqlara olan tələblər” mövzusunda nəzəri-praktiki seminar keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda neft emalı müəssisələrində ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları ilə bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə, siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilib.
Yanğına qarşı təbliğat xarakterli tədbirdə mühəndis-texniki işçilər, fəhlələr yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu sahənin stasionar və avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunması, neft məhsulları saxlanılan çənlərin günəş şüalarından qorumaq üçün açıq rəngli boyalarla rənglənməsi, sutkanın qaranlıq və gecə vaxtı ərazinin işıqlandırılması, çənlər arasında boru xətlərinin quraşdırılması, neftlə dolu çənlərdə çatların qaynaq edilməsi, neft çənlərinin ətrafındakı bəndlərin daim saz vəziyyətdə saxlanılması və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməsi və s. ilə bağlı zəruri yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilib.
Tədbirdə yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında ətraflı danışılıb. Yanğın avadanlığına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi diqqətə çatdırılıb.
Seminarda neft emalı müəssisələrində texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, həmçinin “Neft, qaz və neft-kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiqi və onlara əməl olunması, mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi təlimatlandırılması və s. məsələlər müzakirə olunub.
Bundan başqa, ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında da mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ətraflı məlumat verilib.