MƏDƏNİYYƏT
“Neft şəhərinin sakini” adlı Azərbaycan filmi Ümumrusiya “Artkino” festivalında təqdim edilmişdir
Moskva, 7 noyabr (AZƏRTAC). İstedadlı gənc azərbaycanlı kinorejissor Ayşad Səfərəliyevin Amil Məmibəyli ilə birgə çəkdiyi “Neft şəhərinin sakini” adlı filmi qısametrajlı müəllif filmlərinin “Artkino” Beşinci Ümumrusiya festivalında təqdim edilmişdir. Festival “Mir İskusstva” yaradıcılıq birliyi və “Artkino” kinoklubu tərəfindən təşkil edilmişdir. “Artkino” festivalının birinci mərhələsi cari ilin sentyabr ayında Moskvada keçirilmişdir. Festivalın oktyabr ayında start götürmüş ikinci mərhələsində isə birinci mərhələdə mükafata layiq görülmüş ən yaxşı qısametrajlı filmlər Moskvada, habelə Rusiyanın və MDB-nin daha 40 şəhərində nümayiş etdiriləcəkdir. Azərbaycan kinematoqrafçılarının bu filmi festivala təqdim edilmiş 166 film arasından seçilmişdir. Səkkiz dəqiqəlik filmdə rənglər əvəzinə neftdən, fırça əvəzinə öz barmaqlarından istifadə edən rəssam barədə söhbət açılır. Filmin baş qəhrəmanı neftdən yaratdığı gözəl əsərlər vasitəsilə Azərbaycanın mədəniyyətini və incəsənətini nümayiş etdirir.
Müsabiqədə ölkənin aparıcı kino məktəblərinin tələbələri və məzunları ilə yanaşı, müstəqil müəlliflər də yarışır. İştirakçıların və tamaşaçıların 90 faizi gənclər olsa da, tələbələrin yarışı deyil, peşəkarların festivalı statusuna malik olan bu festivalın prezidenti kinorejissor Sergey Tyutindir.
Ayşad Səfərəliyev 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Azərbaycan İncəsənət Gimnaziyasının rəssamlıq fakültəsini əla qiymətlərlə bitirmiş, sonra “Kütləvi tədbirlər rejissoru” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Burada o, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu Cəmil Quliyevin mühazirələrini dinləmişdir. 2011-ci ildə Ayşad Səfərəliyevin həm rejissor, həm də ssenari müəllifi olduğu “Cəmi bir saat” adlı qısametrajlı bədii film ailə və uşaq problemlərinə həsr edilmiş filmlərin festivalında birinci yeri tutmuşdur. Ayşad Səfərəliyev 2010-cu ildə “Kor-korana” adlı film çəkmiş, bu il isə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur.
“Artkino” festivalı müsabiqə proqramına daxil olmuş filmlərin sonrakı təbliği ilə məşğul olan yeganə kinoforumdur. Bu festivalın laureatları olan filmlər Ümumrusiya kinoprokat turunda iştirak etmək imkanı qazanır və həmin tur çərçivəsində Rusiyanın, MDB üzvü olan digər ölkələrin və Avropanın 30-dan çox şəhərinin kinoteatrlarında nümayiş etdirilir.
“Artkino” festivalına noyabr ayında yekun vurulacaq, mükafatlar isə dekabrın 5-də Moskvadakı “Xudojestvennıy” kinoteatrında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva