İQTİSADİYYAT
Neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol oynayıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda keçirilən seminarda səsləndirilib.
ATMU-nun rektoru İlham Mədətov seminarın əhəmiyyətini vurğulayıb, bu mövzunun müzakirəsinin təqdirəlayiq hal olduğunu qeyd edib.
Seminarda iqtisadçı-ekspert Vüqar Bayramov “Əsrin müqaviləsi” və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlandırılması”, ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev “Neft amili və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə əsaslı təsirindən danışılıb, neft strategiyasının müxtəlif aspektləri təhlil edilib. O da qeyd olunub ki, sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bir daha təsdiq edir ki, ölkəmizin kifayət qədər neft ehtiyatları var.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində keçirilən seminarda qeyd olunub ki, müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol oynayıb. Bu gün dövlətimizin düzgün iqtisadi inkişaf kursu sayəsində Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilməklə həm bölgədə, həm də dünya miqyasında öz sözünə və sanbalına malik bir dövlət kimi tanınmaqdadır.
Məruzələr ətrafında çıxışlarda mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, Azərbaycanın maraqlarının dünyada daha geniş dəstəklənməsi istiqamətində fəal iş aparılmasının vacibliyi vurğulanıb.