REGİONLAR
Neftçalada arpa biçini başa çatıb
Neftçala, 22 iyun, Mahir Babayev, AZƏRTAC
Neftçalanın fərdi fermer təsərrüfatlarında arpa biçini uğurla başa çatıb.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən ilin payızında rayonda 51 min 275 hektar sahədə taxıl əkilib. Bunun 43 min 62 hektarı arpa, 8 min 113 hektarı isə buğdadır.
Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 96 min 596 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 22,5 sentnerdən çox olub.
Bir neçə gündür ki, buğda sahələrinin məhsulu yığılır. Məhsul yığımına 120 kombayn cəlb olunub və gün ərzində 180-200 hektar sahənin taxılı yığılır. Qısa müddətdə 137 hektar buğda sahəsindən 415 ton məhsul əldə olunub. Biçin aparılmış buğda sahələrinin məhsuldarlığı orta hesabla 30,3 sentnerə çatır.
Qeyd edək ki, ötən il rayonda 51 min 154 hektar taxıl sahəsindən 118 min 550 ton məhsul yığılıb və məhsuldarlıq 23,2 sentner olub.