CƏMİYYƏT
Neftçalada oğurluq etdikləri evləri yandırmış dəstə üzvləri saxlanılıb VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rüstəmov və qardaşı Taleh saxlanılıblar.
İstintaqın gedişində dəstə üzvlərinin cari ilin iyul-sentyabr aylarında rayonda daha beş evdən oğurluq etdikləri məlum olub. Dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.