İDMAN
“Neftçi” futbol komandası Azərbaycan kuboku yarışlarının qalibi olmuşdur VİDEO
Bakı, 22 may (AZƏRTAC, Səxavət Quliyev). Mayın 22-də futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyunu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ” və “Neftçi” komandaları qarşılaşmışlar.
FİFA-nın referisi Əliyar Ağayevin idarə etdiyi oyunda nominal ev sahibi olan “Qəbələ”nin heyətində meydana Kamran Ağayev, Rail Məlikov, Marat İzmayılov, Nizami Hacıyev, Viktor Mendi, Luis Hilario Dodo, Lorenzo Ebesilio, Ruslan Tağızadə, İbrahima Niasse, Rafael Santos və Davrovjan Erqaşov çıxmışlar.
“Neftçi”nin ilk “11-liyi”ndə isə Saşa Stamenkoviç, Karlos Kardoso, Rəşad Sadiqov, Flavinyo, Cavid İmamverdiyev, Erik Fabian Ramos, Bruno Bertuççi, Samir Məsimov, Məqsəd İsayev, Elvin Yuniszadə və Örnest Nfor yer almışlar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmamışdır.
Matçın 53-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Samir Məsimov hesabı açmışdır. İyirmi bir dəqiqə sonar “Qəbələ”nin oyunçusu Marat İzmayılov hesabı bərabərləşdirmişdir.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığı üçün görüşə daha 30 dəqiqə əlavə olunmuşdur. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşmişdir.
On bir metrlik zərbələri dəqiq yerinə yetirən “Neftçi” komandası (3:2) Azərbaycan kuboku yarışlarının qalibi olmuşdur.
Görüşün hakimlərinə xüsusi hədiyyələr, “Qəbələ”nin futbolçularına isə gümüş medallar təqdim olunmuşdur.
Kuboku isə qalib komandaya Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim etmişdir.
Sonda azarkeşlər arasında lotereya oynanılmışdır.
Qeyd edək ki, bu qələbə ilə “Neftçi” komandası Avropa Liqası yarışlarına ikinci təsnifat mərhələsindən başlayacaqdır.