İDMAN
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf: Sabah bizim üçün çox çətin oyun olacaq
Bakı, 3 avqust, AZƏRTAC
Rəqib çox yaxşı oynayır. Bizim üçün asan oyun olmayacaq. Ancaq matça çox yaxşı hazırlaşmışıq. Ümidvaram ki, Kiprin “Aris” klubu ilə ötən oyundakı özünəinamı bu dəfə də göstərə biləcəyik. Hamımız çox motivasiyalıyıq. Qarşımıza məqsəd qoymuşuq ki, “Aris”lə Bakıdakı oyunun səviyyəsini qoruyub saxlayaq.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın “Rapid” klubunu qəbul edəcək Bakının “Neftçi” komandasının baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, sabah bizim üçün çox çətin oyun olacaq. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə vəsiqə qazanaq. Bilirik ki, rəqib çox güclüdür. Amma öz oyunçularıma və azarkeşlərimizə inanıram.
Baş məşqçi yenidən icarəyə götürülən Mert Çəlik barədə danışarkən deyib: “Onun bir çox oyununu görməmişəm. Komandamıza dünən qayıdıb. Bilirik ki, yaxşı səviyyəsi var. Eyni mövqedəki futbolçularla rəqabətdən qalib ayrılmalıdır. Ona bir az da vaxt lazım olacaq. Çox sevinirəm ki, bizə qoşulub. Çünki həmin mövqedə ehtiyat oyunçuya ehtiyacımız vardı. Onu mərkəz, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi kimi görürəm. Ehtiyacımız olarsa, yeni futbolçu transfer edə bilərik”.
Qeyd edək ki, “Neftçi” klubu “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.