İQTİSADİYYAT
Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib
Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən quraşdırılan dayanacaqların üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakı Nəqliyyat Agentliyi dekabrın 30-da Nəqliyyat Mübadilə Mərkəzinin kiçik sərnişinləri üçün də sürpriz hazırlayıb. Belə ki, BNA-nın əməkdaşları gün ərzində mərkəzə gələn balaca sərnişinlərə bayram hədiyyələri təqdim ediblər. Hədiyyə paketləri ilə yanaşı, uşaqlara ictimai davranış qaydaları haqqında maarifləndirici materiallar da təqdim edilib.