İDMAN


Nəriman Abdullayev: Avropa Olimpiya təsnifat turnirinə qələbə əzmi ilə gəlmişdik və tam qələbəyə nail olduq

Paris, 7 iyun, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu sayəsində xalqımızın artıq adət etdiyi qələbə ruhunu qoruyub saxlamaq məsuliyyətimiz var. Avropa Olimpiya təsnifat turnirinə də qələbə əzmi ilə gəlmişdik. Şükürlər olsun ki, qələbəni əldə etdik. Turnirə qatılan 5 boksçumuzun hər biri Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Bunu AZƏRTAC-a müsahibəsində kişilərdən ibarət boks üzrə Azərbaycan millisinin baş məşqçisi Nəriman Abdullayev deyib. O, Avropa Olimpiya təsnifat turnirinə qatılan bütün boksçularımızın Tokio Olimpiadasına vəsiqə qazanması sevincini bölüşərək bildirib ki, boksçularımız bəzi görüşlərinin gərgin keçməsinə, rəqiblərin də güclü olmasına baxmayaraq, Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

N.Abdullayev qeyd edib ki, Parisdə yarışlar yaxşı təşkil olunub, mehmanxanadan turnirin təşkil olunduğu idman sarayına transferlər yüksək səviyyədə həyata keçirilib, sanitar qaydalara ciddi riayət olunub.

Baş məşqçi turnirin bağlı qapı arxasında, yəni bokssevərlərsiz keçirilməsinin müsbət təsiri olduğunu qeyd edib: “Zal dolu olanda, bokssevərlər emosiyalarını saxlaya bilmir, qışqırırlar. Bu da bəzən boksçuların diqqətini yayındırır. Fanların qışqırtıları, bəzən məğlub olan boksçunun adını hallandırması hakimlərdə də çaşqınlıq yarada bilir. Bu baxımdan, zalda fanların olmaması da uğurlara müsbət təsir edib”, - deyə N.Abdullayev vurğulayıb.

O, turnir müddətində COVID-19 pandemiyasına görə ciddi sanitar qaydalar tətbiq olunduğunu diqqətə çatdırıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.